Korporativ Sosial Məsuliyyət (KSM) nədir?
Korporativ sosial məsuliyyət (KSM) şirkətlərin tərəfdaşları ilə münasibətlərdə sosial və ətraf mühit məsələləri üzrə öhdəliyini əks etdirən menecment konsepsiyasıdır. KSM şirkətin öz fəaliyyətində sosial, ictimai və ətraf mühit məsuliyyətini necə dərk etdiyini və bu istiqamətdə müvafiq tədbirlərin icrası səviyyəsini xarakterizə edir. KSM həmçinin cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Yəni, şirkətlərin kommersiya maraqları ilə yanaşı, cəmiyyətdə malik olduqları sosial rol ön plana keçirilir.
KSM-in tətbiqi zərurəti
Bazar iqtisadiyyatında baş verən proseslər KSM-in tətbiqini zəruri edir. Belə ki, bazarda istehlakçıların seçim meyarlarında və tərəfdaşlar arasındakı münasibətlərdə yalnız kommersiya maraqları deyil, şirkətin cəmiyyət və tərəfdaşları qarşısında sosial öhdəlikləri də yer almağa başlayıb. Bununla yanaşı, KSM-in tətbiqini zəruri edən amillər
Beynəlxalq təcrübəyə əsasən KSM-in prinsipləri:
• Cavabdehlik
Bu prinsipə əsasən, şirkət öz fəaliyyətinin cəmiyyət və ətraf mühit üzərində təsirlərinə görə cavabdehlik daşımalıdır
• Şəffaflıq
Şirkət cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir
• Etik fəaliyyət
Şirkətin fəaliyyəti doğruluq, insaflılıq və toxunulmazlıq kimi etik prinsiplər üzərində qurulmalıdır
• Tərəfdaşların maraqlarına hörmət
Şirkət öz tərəfdaşlarının maraqlarına hörmətlə yanaşmalı, gündəlik fəaliyyətində nəzərə almalı və bu sahədəki müvafiq tələblərə cavab verməldir
• Qanunun aliliyinə hörmət
Şirkət qəbul etməlidir ki, qanunvericiliyin göstərişləri məcburidir və onlara əməl edilməlidir
• Fəaliyyətin beynəlxalq prinsiplərinə hörmət
Şirkət fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinin tələblərinə cavab verməklə bərabər, öz fəaliyyətinə dair beynəlxalq normalara da mümkün qədər əməl etməyə cəhd göstərməlidir
• İnsan hüquqlarına hörmət
Şirkət insan haqlarına hörmətlə yanaşmağın vacibliyini və ümumbəşəri əhəmiyyətini qəbul etməlidir.
Gənclərin cəmiyyətdə layiqli yer tutması, bunun üçün lazımi şəraitin yaradılması, onların bilik və bacarıqlarının artırılması, potensialının reallaşdırılması daim dövlətin diqqət mərkəzində olub. Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” Şirkətlər Qrupu da daim gənclərə xüsusi önəm verib. 2018-ci ilin birinci yarısına şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 80% təşkil edir. Şirkət əməkdaşlarının 64%-i 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.
Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal toplayaraq qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. “Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd proqramına əsasən, şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Hazırda 50 nəfərdən artıq tələbə VTTP üzvüdür və inanırıq ki, yaxın gələcəkdə bu proqrama qoşulanların sayı artacaqdır.
Həmçinin şirkətlər qrupunda əməkdaşlarımızın şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan “Veysəloğlu İnkişaf Mərkəzi” (VİM) fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti, demək olar ki, kollektivin motivasiyasına ciddi təsir göstərməkdədir.
Daha sonra universitetlərlə birgə layihələr həyata keçirir, proqramlarda iştirak edirik. Bu əməkdaşlıqlar çərçivəsində aktiv olan vakansiyalarımızı uyğun məzunların şirkətə cəlb olunması məqsədi ilə universitetlərlə bölüşürük. Eyni zamanda, infoturlar təşkil edərək tələbələri şirkətə dəvət edib onları fəaliyyətimiz barədə məlumatlandırır, İR departamentimizin fəaliyyətləri, işə qəbul prosesi, karyera imkanları, şirkətlərin gənclərdən gözləntiləri haqda bilgiləndiririk.
“Veysəloğlu” Şirkətlər Qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ali təhsil müəssisələrində tələbələr və məzunlar üçün “Karyerada ilk addım” devizi altında həyata keçirilən məşğulluq yarmarkalarında da aktiv iştirak edir.
Hər il olduğu kimi, 2018-ci ildə də Şirkətlər Qrupunun KSM layihəs0i işlənib hazırlanıb. Əsas məqsəd dövlət və bir çox QHT alyansları tərəfindən həyata keçirilən layihələrə dəstək olmaq, bir şirkət olaraq korporativ məsuliyyət borcunu yerinə yetirməkdir. Cəmiyyətin xüsusi istedadlı gəncləri, aztəminatlı təbəqənin sosial problemlərinin həlli ilə bağlı icra olunacaq işlərin ardıcıllığını təmin edəcək layihədə 4 proqram əks olunub:
- Gələcəyimiz ulduz kimi parlasın;
- Unudulmayanlar proqramı;
- İstedadlı gənclər proqramı;
Qayğının zamanı yoxdur proqramı.
Bu proqramlar əsasən şəhid ailələrinin, Qarabağ əlillərinin, valideynini itirmiş və ya maddi imkanı aşağı olan potensiallı tələbələrin sosial-iqtisadi problemlərinin, eyni zamanda şirkətə yardım və dəstəklə bağlı ünvanlanmış müraciətlərin həllinə yönəlib. Şirkətlər Qrupu bu kimi KSM layihələrinin və digər proqramların həyata keçirilməsində daim gənclərə önəm verərək, onlara dəstək olmağa çalışır.
Təhsil və cəmiyyətə töhvə verilməsi bizim korporativ sosial məsuliyyət siyasətinin təməl sütunlarından biridir. KSM sadəcə sosial və ya ətraf mühit dəyərlərinin deyil, həmçinin korporativ dəyərin yaradılmasında və inkişafında mühüm amildir. “Veysəloğlu”da KSM layihələri çərçivəsində “Veysəloğlu konüllüləri” mövcuddur ki, bu könüllülər mütəşəkkil qaydada müvafiq plan əsasında fəaliyyət göstərir.